“Kəpəz” son 16 mövsümün antirekorduna imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün 16-cı turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb.

Arena.az xəbər verir ki, bu göstərici son 16 mövsümün antirekordudur.

2009-cu ildən indiyə qədər heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmamışdı.

Daha çox qola üzülən sonuncu komandaya 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/1997 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.

Xatırladaq ki, “Kəpəz” cari mövsümdə keçirdiyi 16 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb. Komanda 39 qol buraxdığı rəqib qapılarından 11 top keçirə bilib. Gəncə təmsilçisi hazırda Premyer Liqanın yarış cədvəlində 10 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: