“Kəpəz” xorvatiyalı qapıçı ilə gücləndi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirib. Arena.az xəbər verir ki, Gəncə klubu xorvatiyalı qapıçı Mario Mustapiçi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qolkiperlə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Mario Mustapiçin sonuncu komandası Xorvatiyanın “Rudes” klubu olub. O, sözügedən klubdan bu ilin iyul ayında azad agent kimi ayrıldığı üçün sərbəst statusda idi.

Mustapiç əvvəllər Xorvatiyanın digər klubu “Dubrava”da da çıxış edib.

Xatırladaq ki, “Kəpəz”də əsas qapıçı Kamran İbrahimov bir müddət öncə məşq zamanı başından aldığı zədə səbəbindən son oyunlarda komandasına kömək edə bilmir. Bu üzdən Gəncə təmsilçisinin qapısını Orxan Sadıqlı qoruyur. Gənc qapıçı Müşfiq Nadirovun isə yetərli təcrübəsi olmadığı üçün, klub rəhbərliyi yeni “çərçivə qoruyucusu” axtarışına çıxmaq məcburiyyətində qalmışdı.