Təxminən iki ildir işsiz olan Tərlan Əhmədov “Kəpəz”in yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bir neçə gün öncə Yaşad Vahabzadə ilə yollarını ayıran Gəncə təmsilçisi Şahin Diniyevi bu posta gətirmək istəyirdi.
Lakin onunla razılığa gələ bilməyən klub rəhbərliyi, yekunda Tərlan Əhmədovla anlaşıb. Bu gün isə yeni baş məşqçi ilə bütün münasibətlər rəsmiləşdirilib. Təcrübəli mütəxəssislə anlaşma bu mövsümün sonuna kimi nəzərdə tutulub. Tərlan Əhmədova məşqçilər korpusunda yer alan Ədahim Niftəliyev, Ceyhun Tanrıverdiyev, Vidadi Rzayev və Nadir Şükürov kömək edəcəklər.
Bu gün “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin də iclası keçirilib. İclasda İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov İdarə Heyətinin üzvləri olublar.
Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. Tərlan Əhmədov komandanın yeni baş məşqçisi təyin edilib.
İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub. İclasda Gəncə futbolunun kuratoru İsgəndər Cavadov da iştirak edib.
Daha sonra onlar əsas komandanın yeni baş məşqçisi Tərlan Əhmədovla görüşüblər. Təcrübəli mütəxəssisə inam ifadə olunub, uğurlar arzulanıb, klub rəhbərliyinin daim məşqçinin yanında olduğu qeyd edilib. Etimada görə təşəkkür edən Tərlan Əhmədov klub rəhbərliyinin, azarkeşlərin və yerli futbol veteranlarının dəstəyi ilə komandanı çətin vəziyyətdən çıxara biləcəklərini bildirib.
“Hara gəldiyimi yaxşı başa düşürəm”
Ardınca “Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən klubun İdarə Heyətinin sədri İlqar Nadiri Tərlan Əhmədova inandıqlarını, onun təyinatının komanda üçün xeyirli olacağını bildirib.
Gəncə azarkeşlərinin tələbkar olduğunu qeyd edən İdarə Heyətinin sədri yeni baş məşqçinin komandanı düşdüyü vəziyyətdən çıxaracağına ümid etdiklərini söyləyib. Əlavə edib ki, Əhmədov ölkədə tanınan mütəxəssislərdəndir və o, “Kəpəz”ə hədəfinə çatmaqda kömək edə biləcək.
Jurnalistlərin suallarını cavablandıran Tərlan Əhmədovsa bunları deyib: “Gəncə Azərbaycan futboluna saysız-hesabsız futbolçular bəxş edib. “Kəpəz”in böyük ənənələri var. Biz hamımız birlikdə çalışıb bu ənənələri bərpa etməliyik. Hara gəldiyimi yaxşı başa düşürəm. Çətinlikləri bilirəm. Amma bu, bizim üçün bəhanə olmamalıdır. İşimizi görməliyik, yaxşı nəticələr qazanmalıyıq. Klub rəsmiləri, azarkeşlər, veteranlar birlikdə olmalıyıq. Mən sizə söz verirəm ki, yaxın zamanlarda komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz. Birdən-birə heç nə olmur, zaman lazımdır. Görüləcək işlərimiz həddindən artıq çoxdur. Komanda uzun müddət Premyer Liqada olmayıb. Hamı istəyir ki, Gəncədə futbol olsun, futbolçular yetişsin. Mənə verilən şansdan istifadə edib nəticələr qazanmağa çalışacağıq. Səylə işləyəcəyik. Hamımız üçün xeyirli-uğurlu olsun”.