Futbol üzrə Almaniya yığmasının və “Bayer” klubunun yarımmüdafiəçisi Kərəm Dəmirbay Türkiyə çempionu “Qalatasaray”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Qalatasaray” bu transfer üçün 3,7 milyon avrosundan keçib. Kərəm özü isə ilinə 1 milyon avro qazanacaq.
Almaniyada dünyaya göz açmış Kərəm Dəmirbay Dortmund “Borussiya”sının yetirməsidir. O, peşəkar karyerasına “Hamburq”da başlayıb. “Kayzerslautern”, “Fortuna” (Düsseldorf) və “Hoffenhaym”da da oynamış təcrübəli futbolçu 2019-cu ildən “Bayer”in uğurları üçün çalışırdı. O, Leverkuzen təmsilçisində 149 oyun keçirib, 15 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyənin U-19, U-20 və U-21 yığmalarında oynamasına baxmayaraq, Dəmirbay 2017-ci ildə Almaniya millisində debüt edib. Amma o, bu komandada cəmi 2 oyun keçirib və 1 qolla yadda qalıb.
“Qalatasaray” “Qaziantep”in qapıçısı Günay Güvençi də heyətinə qatıb. İstanbul nəhəngi bu transfer üçün 250 min avro ödəyib. 32 yaşlı qolkiperlə də 3 illik müqavilə imzalanıb.
Günay Güvenç 2018-ci ildən formasını geyindiyi “Qaziantep”də 163 oyun keçirib, 207 qol buraxıb, 40 “quru” matç keçirib. O, “Göztəpə”, “Ştutqart Kikkers”, “Beşiktaş”, “Adanaspor”, “Kasımpaşa” və “Mersin Talimyurdu” klublarının da formasını geyinib.
İki ayrılıq, bir yeni müqavilə
Əvəzində “Qalatasaray”ın qapıçısı Batuhan Şən icarə əsasında “Qaziantep”ə keçib. İstanbul klubunun öz yetirməsi olan qolkiper 2024-cü ilin 30 iyununa kimi Qaziantep təmsilçisində forma geyinəcək. O, daha öncə “Fatih Karagümrük”, “Menemenspor” və “Həkimoğlu Trabzon” klublarında da icarədə olub, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Batuhan “Qalatasaray”ın əsas komandasında cəmi 1 oyun keçirib.
“Qalatasaray” gənc hücumçusu Eren Aydınla da yeni müqavilə bağlayıb. 20 yaşlı futbolçu 3 illik yeni sözləşməyə imza atıb. Eren ötən mövsümü “Sarıyer” və “Çorum”da icarədə keçirib.
Yarımmüdafiəçi Atalay Babacan isə İstanbul klubunu azad agent kimi tərk edərək “Boluspor”a keçib. 23 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Qalatasaray”ın yetirməsi olan yarımmüdafiəçi klubun əsas komandasında cəmi 7 oyun keçirib, 1 qol vurub. O, “Adanaspor”, “Ümraniyəspor” və “Sarıyer” kimi klublarda icarədə də olub, Türkiyənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.
“Bayer” Fofananı icarəyə verdi
Kərəm Dəmirbayı satan “Bayer”də daha bir ayrılıq qeydə alınıb. Bundesliqa klubu mərkəz müdafiəçisi Sadik Fofananı “Fortuna”ya (Düsseldorf) icarəyə verib. Toqo əsilli almaniyalı futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. 20 yaşlı müdafiəçi ötən mövsümü də “Nürnberq”də icarədə keçirib.