Kərim Benzema “Əl-İttihad”ın baş məşqçi ilə münaqişə yaşayıb

“Əl-İttihad”ın fransalı ulduzu, hücumçu Kərim Benzema kluba qayıtdıqdan sonra komandanın baş məşqçisi Marselo Qalyardo ilə münaqişə yaşayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Benzema komandanın düşərgəsinə qayıdandan sonra Qalyardonun qərarı ilə fərdi proqram üzrə məşq etməli olub.

Bu, Kərimin xoşuna gəlməyib və ulduz futbolçu bu qərara ictimaiyyət qarşısında hiddətini bildirərək, məşqi tərk edib.

Xatırladaq ki, yanvarın ortalarında “Əl-İttihad”ın baş məşqçisi fransalı futbolçunu komandadan kənarlaşdırmışdı. Argentinalı mütəxəssis bu addımını ulduz futbolçunun komandanın təlim-məşq toplanışına yollanması ərəfəsində klub bazasına vaxtında gəlməməsi ilə izah etmişdi. Bu hadisədən əvvəl, Benzema ötən ilin dekabr ayının sonunda daha üç məşqi buraxmışdı. Bundan sonra 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.

Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə isə Kərim “Əl-İttihad”ın heyətində bütün yarışlarda 20 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub turnirlərinin qənimətləri var.

Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Bemzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: