Kərim Benzema “Əl-İttihad”ın məşqlərindən kənarlaşdırıldı

“Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema baş məşqçi Marselo Qalyardonun qərarı ilə komanda ilə məşqlərdən uzaqlaşdırılıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Benzema komanda ilə birgə təlim-məşq bazasına gəlməli olsa da, o, bu tədbirə qatılmayıb. Bununla bağlı klubun baş məşqçisi fransız hücumçunu komanda ilə məşqlərdən kənarlaşdırmaq və klubun mövsümün bərpasına hazırlaşacağı Dubaya aparmamaq qərarına gəlib.

Benzema Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. O, “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Kərim “Əl-İttihad”ın heyətində bütün yarışlarda 20 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub turnirlərinin qənimətləri var.

Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Bemzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 35 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.