Kərim Benzema bunu 60 il sonra bacardı

Futbol üzrə İspaniya kubokunun yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyunu “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Arena.az xəbər verir ki, o, əzəli rəqiblə səfər oyununda komandasının 4:0 hesablı möhtəşəm qələbəsinə het-trikə imza atmaqla töhfə verib.

Fransadan olan 35 yaşlı forvard 50, 58 və 80-ci dəqiqələrdə vurduğu qollar sayəsində 60 il sonra bir ilki də bacarıb. Belə ki, o, uzun illər sonra “Kamp Nou”da het-trik edən ilk “Real” futbolçusu olub. Ondan əvvəl ilk və sonuncu dəfə bunu 1963-cü ildə Ferents Puşkaş bacarmışdı.

“Nou Kamp”da ilk dəfə 3 qol vuran futbolçu isə 1961-ci ildə Luis Araqones olub. Benzema buna nail olan 11-ci qonaq futbolçu kimi tarixə düşüb.

“Nou Kamp”da pokerə imza atan yeganə rəqib futbolçu isə Milinko Pantiçdir. Bu, 1997-ci ilə təsadüf edib. Yeri gəlmişkən, Pantiç vaxtilə Azərbaycanda “Bakı” futbol klubunda çalışıb.

Benzema son het-triki sayəsində daha bir möhtəşəm nəticəyə imza atıb. Belə ki, o, son 4 gündə 6 qol vurub. Fransalı futbolçu bir neçə gün öncə İspaniya La Liqası çərçivəsində “Valyadolid”ə də 3 qol vurmuşdu.

Xatırladaq ki, Kərim Benzema 2009-cu ilin iyul ayından “Real”da çıxış edir. Fransa millisinin üzvü bu komandada meydana çıxdığı 636 matçda 348 qola imza atıb, 165 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli forvard daha öncə Fransanın “Olimpik” (Lion) klubunun uğurları üçün çalışıb – 148 oyun, 66 qol və 27 assist. Fransa millisində də 97 matç keçirmiş futbolçu 37 qolla yadda qalıb.