Madrid “Real”ının fransız hücumçusu Kərim Benzema komandada keçirdiyi 14 mövsümdən sonra klubla yollarını ayırır.
Arena.az xəbər verir ki, bu barədə “Kral klubu”nun rəsmi saytı məlumat yayıb:
“Real” artıq ən böyük əfsanələrimizdən biri olan o kəsə minnətdarlığını və bütün sevgisini bildirmək istəyir. Gələn çərşənbə axşamı, iyunun 6-da, saat 12:00-da “Real Madrid Siti”də prezidentimiz Florentino Peresin iştirakı ilə Benzema ilə vida mərasimi keçiriləcək”.
Kərim Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Ümumilikdə o, “qaymaqlılar”ın heyətində 647 oyun keçirib, 353 qol vurub və 165 məhsuldar ötürmə verib.
35 yaşlı hücumçu Madrid klubu ilə 25 kubok qazanıb ki, bu da rekord göstəricidir. Fransız futbolçunun hesabında 5 Çempionlar Liqası, 5 Klublararası Dünya Kuboku, 4 Avropa Super Kuboku, 4 La Liqa, 3 Kral Kuboku və 4 İspaniya Super Kuboku var. Beznema həm də 2022 mövsümünün “Qızıl top” mükafatının sahibidir.
Kərim “Real”dan öncə yalnız yetirməsi olduğu Lion “Olimpik”inin formasını geyinib. O, Liqa 1 təmsilçisində də 148 oyun keçirib, 66 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu Fransa millisində də 97 oyun keçirib, 37 qola imza atıb.
Son günlərdə Benzemanın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan hər mövsüm üçün 100 milyon avro və müxtəlif bonuslar fonunda 2 illik müqavilə təklifi aldığı ilə bağlı məlumat yayılıb. Təcrübəli forvardın məhz bu ölkəyə üz tutacağı istisna edilmir.
Sonda onu da xatırladaq ki, “Real” ötən gün Marko Asensio, Eden Hazard və Mariano Diasla da yollarını ayırdığını rəsmən açıqlamışdı.