Kərim Benzema: “İnternet nə deyirsə, orada reallıq yoxdur”

İspaniyanın “Real” klubunun fransız ulduzu Kərim Benzema Madrid təmsilçisindəki gələcəyinə dair gəzən şayiələrə son qoyub.

Arena.az “Marca”ya istinadən Benzemanın dediklərini diqqətinizə çatdırır:

“Madrid “Real”ı ilə müqavilə imzalayanda 21 yaşım vardı. Mən ancaq zövq almaq və kuboklar qazanmaq haqqında düşünürdüm. Sonda görürəm ki, tarixin ən yaxşı klubu olan “Real”da çox şey qazanmışam. Dünyada “Real” kimi komanda yoxdur.

İşimlə fəxr edirəm və bu komandada hər anımdan həzz alıram. Təlim üçün Valdebebasa səfər iş deyil. Ürəyimdə Madriddən zövq alıram. Dünən, bu gün və sabah məşqlərdəyəm. Mənim gələcəyim? Şənbə günü oyunum var, sabah məşqlərdəyəm, ona görə də indi Madriddəyəm. Nə danışmalıyam? Gələcək haqqında? Mən “Real”dayam. İnternet nə deyirsə, orada reallıq yoxdur”.

Benzemanın bu açıqlamasından sonra, “Marca” fransalı futbolçunun bu yay “Real”ı tərk etməyəcəyini iddia edib. Xəbərdə bildirilir ki, 36 yaşlı hücumçu “Kral klubu” ilə müqaviləsinin müddətini daha 1 il uzadacaq. Bu isə o deməkdir ki, təcrübəli forvard növbəti mövsümdə də Madrid təmsilçisinin formasını geyinəcək. Futbolçu, həmçinin, onun xidmətində maraqlı olan Səudiyyə Ərəbistanı klublarına təşəkkür edib.

Xatırladaq ki, Kərim Benzema 2009-cu ildən La Liqa təmsilçisinin şərəfini qoruyur. O, cari mövsümdə 42 dəfə madridlilərin heyətində meydana çıxıb. Təcrübəli hücumçu bu oyunlarda 30 qol vurub və 2 məhsuldar ötürmə edib. Benzemanın “Real” karyerası bütövlükdə 647 oyun, 353 qol və 165 məhsuldar ötürmədən ibarətdir.