“Kəpəz”in futbolçusu Kərim Lkuça Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, yarımmüdafiəçi 5:2 hesablı qələbəyə sevindikləri oyunla bağlı Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Gəlin səmimi olaq, bu nəticəni həqiqətən də heç kim gözləmirdi. Düzdür, biz qələbə qazanmaq üçün meydana çıxmışdıq. Belə böyük hesabın qeydə alınacağı ağlımıza gəlməzdi”.
Yarımmüdafiəçi “Turan Tovuz”la görüşdə qeydə alınan nəticənin fərdi planda da uğurlu olduğunu bildirib:
“Buna kimi kubok matçlarında qol vura bilmişdim, çempionatda isə yox. Tovuzdakı görüşdə fərqlənmək üçün şansım oldu və epizoddan maksimum istifadə edə bildim. Derbidə qol vurmaqla çox möhtəşəm hisslər yaşadım. Xüsusi gün idi. Komanda yoldaşım Camal Cəfərov məhsuldar ötürmə verib qolun vurulmasında iştirak etdi”.
Mərakeş əsilli ispaniyalı futbolçu komandanın qarşıya qoyulan məqsədə çatacağını söyləyib:
“Kollektiv olaraq qış fasiləsində yaxşı hazırlaşmışıq, optimal oyun forması yığmağa çalışmışıq. Hədəf Premyer Liqada qalmaqdır. Bunu yerinə yetirə biləcəyik. Çempionatın davam edən bölümündə önümüzə başqa vəzifələr də qoymağımız mümkündür”.
Kərim Lkuça Gəncədə onu hər şeyin qane etdiyini sözlərinə əlavə edib:
“Burada çox xoşbəxtəm. Çox az adamın güvəndiyi halda mənə həmişə rahatlıq və inam verən baş məşqçi ilə işləyirəm. Azərbaycan çempionatı güclü yarışdır. Mövsümün əvvəlində adaptasiyam bir az çətin oldu. Amma klubdakı insanlar və komanda yoldaşlarım mənə hər zaman kömək etdilər. Özümüzü və azarkeşlərimizi sevindirmək üçün növbəti oyuna əzmlə hazırlaşırıq. “Səbail” ilə görüşdə qələbə qazanmağa çalışacağıq”.