Kərimov: “Millinin hücumameyilli oynaması müsbət məqamdır”

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov yığmamızın Monqolustan və Bolqarıstana qarşı keçirdiyi oyunları şərh edib.

Arena.az xəbər verir ki, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bakıda baş tutan bu oyunlarda komandamız bir qələbə, bir heç-heçəyə imza atıb.

Belə ki, Monqolustan yığmasına 1:0 hesabıyla qalib gəlmiş milli komanda bolqarlarla da heç-heçə oynayıb – 1:1.

Aslan Kərimov Arena.az-a saytına açıqlamasında millinin son iki oyunu barədə bunları dilə gətirib:

“Monqolustan millisi hansısa fikir bildirməyə əlverişli komanda deyildi. Çünki bütün oyun ərzində hücum edən tərəf biz olduq. Yalnız matçın sonlarında rəqib bir qədər fəallıq göstərdi.

Bolqarıstan millisi ilə oyunda isə iki eyni səviyyədə komanda gördük. Belə rəqibə qarşı biz daha çox dominantlıq etdik. Oyunu rəqibin cərimə meydançası ətrafında qurmağa çalışırdıq. Daha hücumameyilli oynamağımız müsbət məqamdır. Gələcək üçün nəsə demək çətindir. İsveç və Slovakiya milliləri Monqolustan və Bolqarıstan deyillər. Ən azı bu iki oyun mənə xoş təsir bağışladı. Bu o demək deyil ki, bu cür oyunla qrupdan çıxacağıq. Qrupu adlamaq barədə nəsə demək çətindir”.

Nahid Ustaclı