Rusiya yığmasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov haqda söhbət açıb.
Arena.az “Metaratings” dərgisinə itinadən məlumat verir ki, Kafanov Lunyovun Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə səfərdəki cavab oyununda (2:3) çıxışını qiymətləndirib:
“Qarabağ” yenidən yaxşı oynadı, yenə 2:0 öndə olsa da, oyunun sonunda yenə də üstünlüyünü itirdi. İlk qolla bağlı məqamda Andreyin xilas etmək imkanları az oldu, amma buraxılmış ikincidə bəxti gətirmədi – birbaşa vurdular. O, hər şeyi düzgün edirdi, amma bəxti gətirmirdi. Lunyov öz işini gördü. Düşünürəm ki, qovulma olmasaydı, qələbəni əldən verməyə də bilərdilər. Andrey öz tərəfindən bacardığı hər şeyi etdi. Adətən belə oyunlar həm qapıçını, həm də futbolçuları özündən çıxarır. Onlar çox ağır yaşanır, ürəkdəki tikan isə uzun müddət qalır.
Məni indi daha çox Andreyin psixoloji vəziyyəti narahat edir. Onun ağrılı məğlubiyyəti nə qədər tez unuda bilməsi və bu oyunlardan əvvəlki vəziyyətə qayıtması çox vacibdir. Andrey psixoloji dayanıqlı oğlandır. Düşünürəm ki, bu dövrü ağrısız keçə bilər”, deyə Kafanov vurğulayıb.
Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasında Bakıda keçirilmiş ilk oyun 2:2 hesabıyla yekunlaşmışdı. Leverkuzendəki görüşdə isə Almaniya təmsilçisi 3:2 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib. Hər iki oyunda Azərbaycan çempionu 2:0 hesabıyla öndə olduğu halda, sonda qələbə hesabını qoruya bilməyib.
“Qarabağ” bu mövsüm Avroliqanın qrup mərhələsində də “Bayer”lə qarşılaşmış, səfərdə 1:5, evdə 0:1 hesabıyla uduzmuşdu.


