İngiltərə çempionu “Mançester Siti”nin sağ vingeri Kaiki da Silva Şaqas icarədə olduğu Niderlandın “Sparta” (Rotterdam) klubundan ayrılıb.
Arena.az xəbər verir ki, Braziliyadan olan 21 yaşlı futbolçu bu mövsümün əvvəlində sözügedən kluba bir illik icarəyə verilmişdi.
Amma Şaqas icarə müddətinin sonunadək Niderlandda oynamaq istəməyib. O, ölkəsinə qayıtmağa üstünlük verib. Belə ki, gənc futbolçu Braziliyanın “Bahia” klubu ilə razılığa gəlib. “Mançester Siti” vingerini bu kluba 2025-ci ilin 31 dekabrına kimi icarəyə verib.
“Fluminense”nin yetirməsi olan Kaiki “Mançester Siti”yə 2021-ci ilin avqustunda 10 milyon avro qarşılığında keçib. İngiltərə klubu 2023-cü ildə də Kaikini “Bahia”ya icarəyə vermişdi. Gənc futbolçu “Pasuş de Ferreyra”da da icarədə olub.
Gənc futbolçu “şəhərlilər”in əsas komandasında cəmi 2 oyun keçirib. O, Braziliyanın U-16 və U-20 yığmalarında da forma geyinib.



