Kaleb Okoli “Atalanta”nı “Lester Siti”yə dəyişdi – 14 milyona

İtaliyanın “Atalanta” klubunun mərkəz müdafiəçisi Kaleb Okoli bundan sonra “Lester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transferə görə İtaliya klubuna 14 milyon avro ödəyib. 22 yaşlı müdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Kaleb Okoli “Atalanta”nın öz yetirməsidir. O, SPAL, “Kremoneze” və “Frozinone” kimi klublarda icarədə də olub. Müdafiəçi “Atalanta”nın əsas komandasının heyətində 17 oyuna çıxıb.

Əslən Nigeriyadan olan Okoli, İtaliyada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığını da daşıyır. O, İtaliyanın U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb.

“Lester Siti” “Fulhem”in sağ vingeri Bobbi De Kordova-Ridi də heyətinə qatıb. Azad agent statusuna malik 31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bobbi De Kordova-Rid 2019-cu ilin avqust ayından “Fulhem”in uğurları üçün çalışırdı. Yarımmüdafiəçi bu komandanın heyətində 209 oyuna çıxıb, 32 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Kordova-Rid İngiltərədə “Bristol Siti”, “Plimut”, “Kardiff Siti”, “Oldem Atletik” və “Çeltnem Taun” kimi klubların da formasını geyinib.

İngiltərədə dünyaya göz açmış Boddi de Kordova-Rid Yamayka yığmasının heyətində 22 oyuna çıxıb, 3 qol vurub.

Xatırladaq ki, ötən mövsümü Çempionşipdə keçirmiş “Lester Siti” 2023/2024 mövsümünü çempion kimi başa vurduğu üçün Premyer Liqaya vəsiqə qazanıb.