Seneqallı müdafiəçi Kalidu Kulibali “Çelsi”ni tərk edərək Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.
Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Çelsi” futbolçusu ilə bu sözlərlə vidalaşıb: “Biz Kaliduya “Stemford Bric”də olduğu müddətdə meydanda və ondan kənarda verdiyi töhfəyə görə təşəkkür edir və karyerasının növbəti mərhələsində ona ən yaxşısını arzulayırıq”.
“Çelsi” bu satışdan 23 milyon avro qazanıb. Kulibali ərəb komandası ilə 3 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Kalidu Kulibali 2022-ci ilin iyul ayında İtaliyanın “Napoli” klubundan 38 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. Geridə qalmış mövsüm ərzində Kulibali “zadəganlar”ın heyətində 32 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
32 yaşlı müdafiəçi əvvəllər “Napoli” (317 oyun, 14 qol, 8 assist), “Genk” (92 oyun, 3 qol, 5 assist) və “Mets” (46 oyun, 1 qol) klublarında çıxış edib. O, Seneqal yığmasında da 70 oyun keçirib, 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı Kalidu Kulibalini 15 milyon avro məbləğində qiymətləndirir.