Kallum Hadson-Odoi insan alveri ilə məşğul olub?

“Nottingem Forest”in ingiltərəli vingeri Kallum Hadson-Odoi cinsi istismar məqsədilə insan alverində iştirakını təkzib edib.

Arena.az xatırladır ki, o, öz adının cinsi istismar məqsədilə insan alverində ittiham edilən milyarder Ceffri Epşteynin işi üzrə müxtəlif siyahılarda hallanmasına münasibətini açıqlayıb:

“Mən artıq bir müddətdir ki, sosial şəbəkələrdə yayılmış bu hekayəni izləyirəm və cəfəngiyyat olduğu üçün bu barədə şərh yazmaq fikrində deyiləm (özü də, mən o vaxt uşaq olardım). Bununla belə, özümün bir nümunə kimi mövqeyimi başa düşərək, tamamilə aydınlaşdırmaq istərdim ki, mən heç vaxt Epşteyn qalmaqalının bir hissəsi olmamışam. Heç vaxt Epşteynin adasında olmamışam. Odur ki, xahiş edirəm, bu ismarışlarda mənim adımı çəkməyə son verin”, – Hadson-Odoi özünün sosial şəbəkə hesabı üzərindən dərc edərək, ictimaiyyətə səslənib.

Kallum Hadson-Odoi “Çelsi” akademiyasının yetirməsidir. 2022-ci ilin avqustunda “Bayer”ə icarəyə verilmiş futbolçu, 2023-cü ilin sentyabrında 3,5 milyon avro müqabilində “Nottingem Forest”ə tamhüquqlu əsasda transfer edilib. Kallumun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Hasdson-Odoi “meşəçilər”in heyətində 11 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Hadson-Odoi “Çelsi” ilə İngiltərə Kubokunun, Avropa Liqasının, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Kallum Hadson-Odoi 2019-cu ilin martında debüt etdiyi İngiltərə yığmasının heyətində 3 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Kallum İngiltərənin U-17 yığması ilə 2017 FIFA Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingiltərəli sol vingerinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.