Kaltsona: “Azərbaycan millisi çox təhlükəli rəqibdir”

Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Slovakiya yığması sabah UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.

Bu qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Françesko Kaltsona Azərbaycan millisi barədə bunları dilə gətirib:

“Azərbaycan millisi çox yaxşı komandadır. Texniki cəhətdən də çox yaxşı oyunçulara sahibdir. Rəqib meydançasına keçidlərdə yaxşı çıxış edirlər. Onlar bu mövsüm UEFA Millətlər Liqasına çox yaxşı başlamadılar. Amma evdə çox güclü rəqibdirlər. Ötən il İsveç üzərində qələbə qazanmışdılar. Çox təhlükəli komandadır. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, qələbə qazanaq.

Azərbaycan yığmasının gücü indiyə qədər göstərdikləri performansdan daha çoxdur. Əminəm ki, sabah onlar çox yaxşı oyun nümayiş etdirəcəklər. Sabahkı matçda çox diqqətli olmalıyıq.

Bizim mentalitetimiz hər zaman bizə diqtə edir ki, hər oyunda qələbə qazanaq. Azərbaycan millisinə inanılmaz hörmətimiz var. Biz bilirik ki, keçmişdə də bizi məğlub ediblər. Hazırda çox yaxşı və təcrübəli məşqçisi var. Onu da çox bəyənirəm. Biz Bakıya qələbə qazanmaq üçün gəlmişik”.

Qeyd edək ki, sabah – oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında ötən ay Slovakiyanın Koşitse şəhərində keçirilmiş ilk oyunda meydan sahibləri 2:0 hesablı qələbəyə sevinmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: