Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyununa təyinat alıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim Almaniyanın “Ştutqart” və Çexiyanın “Sparta” (Praqa) klublarının gənclərdən ibarət komandalarının oyununda iş başında olacaq.
Kamal Umudlu Almaniyada keçiriləcək bu oyunda baş hakim olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.