Kamal və Tərlanlar daha bir il “Turan Tovuz”da!

Turan Tovuz” qapıçıları Kamal BayramovTərlan Əhmədli, eləcə də müdafiəçi Tərlan Quliyev ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə hər üç futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Bu isə onların 2023/2024 mövsümünün sonuna kimi Tovuz təmsilçisinin uğurları üçün çalışmağa davam edəcəyi anlamına gəlir.

Xatırladaq ki, hər üç oyunçu “Turan Tovuz”a 2022/2023 mövsümünün əvvəlində qoşulmuş və 1 illik müqaviləyə imza atmışdı. Bu üzdən də onların klubla sözləşməsinin müddəti bu yay başa çatırdı.

Komandanın kapitanı olan Kamal Bayramov geridə qalan mövsümdə Tovuz təmsilçisində 11 oyun keçirib, 16 qol buraxıb. 37 yaşlı qolkiper 3 matçda da qapısını toxunulmaz saxlayıb. Əvvəllər də “Turan Tovuz”da oynamış təcrübəli qapıçı “Zirə”, “Şamaxı”, “Səbail”, “Rəvan”, “Xəzər Lənkəran”, “Araz Naxçıvan” və AZAL kimi klublarda da oynayıb.

“Turan Tovuz”un əsas qapıçısı olan Tərlan Əhmədli isə mövsüm ərzində 29 matça çıxıb. O, bu oyunlarda 36 qol buraxıb, 11 “quru” matç keçirib. 28 yaşlı qolkiper daha öncə “Sumqayıt”, “Qəbələ”, “Xəzər” (Bakı), “Sabah” və “Rəvan” kimi klublarda çıxış edib.

Mərkəz müdafiəçisi olan Tərlan Quliyev geridə qalan mövsümdə “Turan Tovuz”da 27 matça çıxıb. 31 yaşlı futbolçu bu oyunlarda 1 qol da vurub. O, əvvəllər “Şamaxı”, “Neftçi”, “Kəpəz”, “Sumqayıt” və “Qarabağ”ın da uğurları üçün çalışıb.