Kamran Əliyev Tula “Arsenal”ından ayrıldı – “Sumqayıt”a görə

Azərbaycanın futbol üzrə U-21 milli komandasının sabiq yarımmüdafiəçisi Kamran Əliyev Rusiyanın “Arsenal” (Tula) klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Rusiya Birinci Liqasında mübarizə aparan klubun rəsmi saytı məlumat yayıb.

Tula təmsilçisi əməkdaşlığa görə Kamrana təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Kamran Əliyev Rusiyanın “Ximki” klubunun yetirməsidir. O, sözügedən klubun əsas komandasında (2017-2021) 100 matça çıxıb, 19 qol vurub.

Futbolçu sonrakı 2 mövsümü “SKA-Xabarovsk”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı vinger Tula “Arsenal”ına 2022-ci ilin iyul ayında keçmişdi. O, sözügedən komandada 14 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Sonda onu da qeyd edək ki, Kamran Əliyevin Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”a transferi gündəmdədir. O, hətta Rusiya çempionatındakı qış fasiləsindən istifadə edərək bu ayın əvvəlində “Sumqayıt”ın düşərgəsinə qoşulmaq üçün Türkiyənin Antalya şəhərinə yollanmışdı. Futbolçunun Antalya toplanışı zamanı məşqçilər korpusunu razı salıb-salmadığı hələlik bəlli deyil. Amma böyük ehtimalla onunla müqavilə imzalanacaq. Kamran “Sumqayıt”la müqavilə bağlayacağı halda, onun yaxın gələcəkdə Azərbaycanın əsas millisinə də dəvət alması istisna edilmir.