“Neftçi” PFK qapıçı Kamran İbrahimov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 23 yaşlı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
“Neftçi”nin yetirməsi olan Kamran İbrahimov əsas komandanın heyətində 10 rəsmi oyunda meydana çıxıb. O, buna qədər klubun aşağı yaş qrupu komandalarında oynayıb, həmçinin “Neftçi-2”nin qapısını qoruyub.
“Neftçi” həm də bir neçə gün öncə istefaya göndərilmiş baş məşqçi Samir Abasovun köməkçiləri ilə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, əsas komandanın məşqçilər korpusuna daxil olan köməkçi məşqçilər – Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Göstərdiyi xidmətlərə görə hər bir mütəxəssisə təşəkkür edilib, gələcək işlərində uğurlar arzulanıb.
Qeyd edək ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.