Kamran Quliyev avqustda ən yaxşı qolun müəllifi oldu

Premyer Liqada “Ayın qolu” layihəsi çərçivəsində avqust ayının qalibi olan “Sumqayıt”ın futbolçusu Kamran Quliyev mükafatlandırılıb.

Arena.az xəbər verir ki, ona Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində bu gün baş tutan “Zirə” ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.

Mükafatları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Xatırladaq ki, Kamran Quliyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə 2:1 hesabıyla qalib gəldikləri ev oyununda komandasının ilk qoluna imza atmışdı. Onun məhz bu qolu “Ayın qolu” layihəsi çərçivəsində azarkeşlər arasında keçirilən sorğuda ən yaxşı seçilib.

Kamran 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edir. 24 yaşlı hücumçu bu komandanın heyətində 25 oyuna 4 qol vurub, 1 assistlə yadda qalıb. O, daha öncə “Şamaxı”, “Sabah” və “Yonava” kimi klublarda da çıxış edib, Azərbaycanın U-19 və U-21 yığmalarında oynayıb.