Kamran Süleymanov Linz qran-prisində gümüş medal qazandı

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən qran-pri turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İspaniya təmsilçisi David Qarsiya Torne ilə qarşılaşıb.

Bu rəqibinə uduzan Kamran Süleymanov ikinciliklə kifayətlənməli olub.

Qadınların yarışında isə Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerlə bürünc medal uğrunda mübarizə aparıb. 52 kq çəki dərəcəsində baş tutan bu mübarizədən qalib ayrılan Azərbaycan cüdoçusu bürünc medal əldə edib.

60 kq-da mübarizə aparan Nazir Talıbov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiuk ilə münasibətlərinə aydınlıq gətirib. Cüdoçumuz bu görüşdən məğlub ayrıldığına görə beşinci yerlə kifayətlənib.

Bu gün mübarizəyə qoşulan digər cüdoşularımızdan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Finan Əlizadə (57 kq) isə mübarizəni daha erkən dayandırıblar.

Qran-pri turnirinə mayın 27-də yekun vurulacaq.