Kamran Talıbov Olimpiadada fəaliyyətə başladı

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov Olimpiya Oyunlarına işə dəvət alıb.

Arena.az xəbər verir ki, o, artıq Parisdə Yerli Təşkilat Komitəsində fəaliyyətə başlayıb.

Növbəti iki ayda Kamran Talıbov voleybol, həndbol, ağır atletika və stolüstü tennis yarışlarında əməliyyatların idarə edilməsinə dəstək verəcək.

Talıbov Paris-2024-ə dəvət alması ilə bağlı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verib. O, bunları dilə gətirib:

“Paris 2024 Olimpiya Oyunları kimi mötəbər tədbirin Yerli Təşkilat Komitəsinin üzvü olmaq qürurvericidir. Mən bu tədbirlərin uğurlu idarə olunmasına öz töhfəmi verdiyim üçün, əvvəlki beynəlxalq tədbirlərdə və Azərbaycan Cüdo Federasiyasında qazandığım idarəetmə və təşkilatçılıq təcrübəmi beynəlxalq səhnəyə çıxardığım üçün sevincliyəm”Talıbov bildirib.

Qeyd edək ki, Talıbov bundan öncə Yaponiyada Tokio 2020 Yay Olimpiya Oyunlarının yerli təşkilat komitəsi də daxil olmaqla çoxsaylı beynəlxalq və yerli idman tədbirlərinin təşkilat komitələrində fəaliyyət göstərib.