“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kandido matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hesab da aydın göstərir ki, biz bu gün qələbəni tam haqq etdik. Komandam matça ilk dəqiqələrdən çox yaxşı başladı, hücumda imkanlar yaratdıq və erkən qollar vurduq. 2:0 hesablı üstünlükdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək 3-cü qolu vurduq. İlk yarıda oyuna tam nəzarət edərək fasiləyə 3:1 öndə yollandıq. Açığı, ikinci hissədəki oyunumuz o qədər də xoşuma gəlmədi. Futbolçular uzun müddətdir qələbə qazanmırdılar, ona görə də hesabı qorumaq üçün istər-istəməz müdafiəyə çəkildilər. Lakin 4-cü qolu vuraraq matçı rahat bitirdik. Xüsusilə milli oyunlar üçün yaranan fasilədə 15 gün ərzində heyətlə çox ağır və gərgin məşq prosesi keçmişdik. Qələbəyə görə həm özüm, həm də əziyyəti keçən futbolçularım adına çox şadam”.
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Erkən qollar buraxdıq. Nəticənin belə olması çox üzücüdür. Qapımızda erkən qollar gördükdən sonra komandanın toparlanması çətin oldu. Hesab 0:2 olduqdan sonra geridönüş edib qollardan birinin əvəzini çıxdıq. Lakin hesabı bərabərləşdirmək əvəzinə, 3-cü qolu da buraxdıq. Mən əvvəlki oyunlara da baxmışam, onda da çox asan qollar buraxırdıq. Amma bura gəlmişik ki, komandanı düzəldək və harda səhvlərimiz varsa, onları aradan qaldıraq”.


