Kannavaro “Bolonya”nı “Bayer”lə müqayisə etdi

İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro cari mövsümdə “Bolonya” və “Bayer” komandalarının çıxışını müqayisə edib.

Arena.az Kannavaronun bu barədə fikirlərini təqdim edir:

“Tiaqo Mottanın “Bolonya”sı əyləncəli komandadır. Bu, mənə azacıq “Bayer”i xatırladır. Burada, ilin əvvəlində heç kimin tanımadığı, amma tərəqqi gücü olan futbolçuları götürən məşqçinin, eləcə də idrəçilərin və rəhbərlərin çox işi var. Tiaqo onları psixoloji cəhətdən azad etdi. Əminəm ki, bu, mövsümün sonunda öz bəhrəsini verəcək. Ümidvaram ki, UEFA Çempionlar Liqasına düşəcəklər”, deyə Kannavaro bildirib.

Xatırladaq ki, “Bolonya” İtaliya A Seriyasının 2023/2024 mövsümündə 32 oyuna topladığı 59 xalla 4-cü pillədə qərarlaşıb. Bu komanda 16 qələbə qazanıb, 11 heç-heçə edib və cəmi 5 məğlubiyyət görüb. Mottanın “Bolonya”sını bu gün A Seriyasının 33-cü turu çərçivəsində “Roma” ilə çətin oyun gözləyir. Komandalar “Roma”nın ev oyunlarını keçirdiyi “Olimpiko” stadionunda üz-üzə gələcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Qeyd edək ki, “Roma” “Bolonya”nın əsas izləyicisidir. Paytatxt təmsilçisi də 55 xalla 5-ci sırada qərarlaşıb və bu oyunda qalib gəlməklə “Bolonya” ilə arasındakı 4 xallıq fərqi minimuma endirməyi hədəfləyib. Mümkün heç-heçə və “Bolonya”nın qələbəsi isə komandaların turnir cədvəlindəki mövqeyinə təsir göstərməyəcək.

“Bayer”ə gəlincə, bu komanda Almaniya Bundesliqasında çox uğurlu bir mövsüm keçirir. Xabi Alonsonun çalışdırdığı kollektiv artıq çempionluğu təmin edib. Almaniya Kubokunda finala yüksəlmiş Leverkuzen təmsilçisi Avropa Liqasında da yarımfinalda qarşılaşacaq. Maraqlıdır ki, bu komandanı da finala vəsiqə uğrunda məhz “Roma” ilə görüşlər gözləyir.