Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Çelsi”nin fransız yarımmüdafiəçisi N’Qolo Kante ilə müqavilə danışıqlarına başlayıb.
Arena.az məsələni diqqətdə saxlayan jurnalist Rudi Qalettinin “Twitter” hesabına istinadən xəbər verir ki, ərəb klubunun nümayəndələri Kantenin agentləri ilə müqavilənin əsas şərtlərini razılaşdırmaq üçün yaxın vaxtlarda Londona uçacaqlar.
Məlumatda o da qeyd edilib ki, “Real”ın hücumçusu Kərim Benzema ilə müqavilə imzalandıqdan sonra “Əl-İttihad”, dünya futbol ulduzlarını transfer etmək məqsədi daşıyan fəal transfer siyasətini davam etdirmək niyyətindədir.
Başa çatmış mövsüm ərzində Kante “Çelsi”nin heyətində 9 oyun keçirib və bir məhsuldar ötürmə edib. Komandasının liderlərindən olan fransız yarımmüdafiəçi bud nahiyəsindən aldığı zədə səbəbilə mövsümü demək olar ki, boşa verib.
Futbolçunun London klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatacaq. “Transfermarkt” internet-portalı Kanteni 20 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl bildirilmişdi ki, “Çelsi” 32 yaşlı yarımmüdafiəçisi ilə müqaviləni yeniləməkdə maraqlı deyil.