Kapello Leaonu təriflədi

Məşhur italyan mütəxəssis Fabio Kapello “Milan”ın və Portuqaliya yığma komandasının cinah hücumçusu Rafael Leao haqda söhbət açıb.

Arena.az xəbər verir ki, italyan mütəxəssis portuqaliyalı futbolçunun cari mövsümdə daha da tərəqqi etdiyini düşünür:

“Rafa” daha da yetkin və müəyyənləşdirici olmağa başlayır. O, rəqib qapısı ağzında daha təhlükəli və qəzəbli olur”, deyə Kapello vurğulayıb.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 10 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 270 oyun, 76 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.

Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 43 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: