Məşhur italyan mütəxəssis Fabio Kapello gənc həmkarı Tyaqo Mottanın “Yuventus”un sükanı arxasından qovulmasını şərh edib.
Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Əgər oyunçular Tyaqo Mottanı qəbul etməkdən imtina ediblərsə, başa düşdüyüm kimi, onda, bu istefa qaçılmaz idi”, deyə Fabio vurğulayıb.
Kapello xorvat mütəxəssis İqor Tudorun “Yuventus”a baş məşqçi təyin edilməsini də şərh edib:
“İqor Tudor cəsurluğa malikdir. O, böyük bir çağırışı qəbul etdi. Bu, böyük üstünlükdür, xüsusilə belə bir məqamda”, deyə təcrübəli məşqçi vurğulayıb.
İtalyan mütəxəssis “Yuventus”un yeni baş məşqçisinə məsləhət də verib:
“Mən komanda ilə çox səmimi danışardım. Məsələn, təxminən beləcə: “Siz məni bura gətirdiniz, indi gəlin, bir-birimizə kömək edək”, deyə Fabio Kapello “arifə bir işarə” qəbilindən vurğulayıb.
Xatırladaq ki, “Yuventus” Tudorun qarşısına cari mövsümü İtaliya A Seriyasının ilk dördlüyündə başa vuraraq, növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq kimi çətin tapşırıq qoyub. “Byankoneri”nin hazırkı halında və mövcud şərtlərlə bu, çətin tapşırıq olaraq qiymətləndirilir.