Türkiyənin Konya şəhərində təşkil olunmuş karate üzrə mövsümün 2-ci “Karate1 Series A” turnirinə yekun vurulub. Arena.az xəbər verir ki, martın 10-dan 12-nə qədər davam edən turnirdə Azərbaycan karateçiləri də mübarizə aparıblar.
Nüfuzlu yarışda Azərbaycanı 10 idmançı təmsil edib. Qadınların yarışında Xumar Əlibəyova (50 kq) ilə Suada Kərimova (55 kq) medal qazanmağa çalışıblar. Kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimov, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) qüvvəsini sınayıblar.
Təəssüf ki, idmançılarımızın heç biri bu turnirdə medal qazana bilməyib. Onlardan ən yüksək nəticəni 9-cu yeri tutan Nicat Kərimli göstərib.
Yığmamızın üzvlərini Azərbaycan Milli Karate Federasiyasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edib.
Konyadakı turnirdə ümumilikdə 76 ölkədən mindən artıq karateçi iştirak edib. Karate1 silsiləsindən A Seriyası turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparırlar.


