“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisinin gənc ulduzları Cud Bellingem və Arda Gülər haqqında açıqlama verib.
Arena.az xəbər verir ki, italyan mütəxəssis La Liqa çərçivəsində “Valensiya”ya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
64 yaşlı məşqçi türkiyəli futbolçu Arda Gülərin az forma şansı qazanmasına dair suala belə cavab verib:
“Ardanın oyunda az müddət qalmasının səbəbi, daha çox matçlardakı şəraitdən asılı olur. İnanıram ki, onun kimi gənc oyunçu özünü irəli aparmaq üçün oynamalı və keyfiyyətini göstərməlidir. Lakin bu, faktla bir qədər ziddiyyət təşkil edir. Ardanın təkmilləşməsi lazımdır. Onun vaxtı gələcək. Səbrli olmalıdır”.
Karlo Ançelotti fevralın 10-da keçirilmiş “Jirona” ilə matçda zədələnmiş Cud Bellingemin durumundan da söz açıb. Onun sözlərinə görə, ingilis futbolçunun zədəsi tam sağalıb: “Bellingem 100 faiz hazırdır. Fərdi qaydada çox gözəl hazırlaşıb. Qarşıdakı oyunda meydanda olacaq. Komandayla birlikdə az məşq etsə də, forması yüksək səviyyədədir. Pəncəsində heç bir ağrı qalmayıb”.
Xatırladaq ki, bu gün La Liqanın 27-ci turu çərçivəsində keçiriləcək “Valensiya” – “Real” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Madrid təmsilçisi hazırda 65 xalla turnir cədvəlinin vahid lideridir. “Jirona” 59 xalla 2-ci, “Barselona” 57 xalla 3-cüdür. “Valensiya” isə 36 xalla 9-cu pillədə qərarlaşıb.
Həm Arda Gülər, həm də Cud Bellingem 2023-cü ilin yayından “Real”da çıxış edirlər. 19 yaşlı türkiyəli futbolçu Madrid təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb, fərqlənə bilməyib. 20 yaşlı Bellingem isə bu komandada artıq 29 matça çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Bahar Rüstəmzadə