Karlo Ançelotti: “Bu həftə unudulmaz olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 32-ci turunda “Barselona” ilə “el klasiko”da qazandıqları ev qələbəsini (3:2) şərh edib.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çempionluq yarışına qayıtmaq üçün əlindən gələni edən güclü rəqibə qarşı çox yaxın, bərabər və rəqabətli oyun oldu. Vəziyyəti yaxşı idarə edə bildik. İki dəfə geri dönüş etməli olduq və biz bunu bütün gücümüzlə, bu həftə son damcı qüvvətimizlə edə bildik. Bu həftə unudulmaz olacaq. İndi mövsümün son hissəsinə hazırlaşmalıyıq, amma biz “Bernabeu”da yaxşı vəziyyətdəyik, böyük istək, həvəs və fantastik ab-havadayıq. İnanıram ki, bu mövsüm birlikdə müsbət nəyəsə nail ola bilərik”, deyə Karlo Ançelotti həvəslə bildirib.

32 turdan sonra “Real” 81 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” isə 70 xalla 2-ci pillədə qərarlaşıb.