UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən çalışdırıcı olub.
Bu, Ançelottinin Çempionlar Liqasında baş məşqçi kimi 191-ci oyunu olub. 63 yaşlı mütəxəssis bu göstəricidə Ser Aleks Ferqyusonu (190 oyun) geridə qoyub. Üçüncü sırada İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger (184 oyun) var. Dördüncü pillədə “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola (160 oyun), beşinci yerdə isə İtaliyanın “Roma” komandasına rəhbərlik edən Joze Mourinyo (145) qərarlaşıb.
Məşqçi | Oyun | Qələbə | Heç-heçə | məğlubiyyət |
Karlo Ançelotti | 191 | 107 | 43 | 41 |
Aleks Ferqyusson | 190 | 102 | 49 | 39 |
Arsen Venger | 178 | 82 | 41 | 55 |
Xosep Qvardiola | 158 | 100 | 33 | 25 |
Joze Mourinyo | 145 | 77 | 35 | 33 |
Mirça Luçesku | 115 | 37 | 26 | 52 |
Massimiliano Alleqri | 100 | 45 | 26 | 29 |
Yurgen Klopp | 100 | 56 | 15 | 29 |
Xatırladaq ki, “Mançester Siti” ilə oyun Ançelotti üçün rekordla əlamətdar olsa da, ağır məğlubiyyətlə yadda qalıb. Belə ki, 0:4 hesabıyla uduzan “Real” mübarizəni dayandırıb. Çünki bu komandalar arasında Madriddə baş tutan ilk oyun da 1:1 hesabıyla başa çatmışdı.
Ançelotti bu matçda həm də karyerasının ən biabırçı məğlubiyyət antirekordunu təkrarlayıb. İtaliyalı mütəxəssis 2004-cü ildə “Milan”ın sükanı arxasında olarkən “Deportivo”ya da 0:4 hesablı məğlubiyyətə üzülmüşdü.
Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ilin iyul ayından “Real”a rəhbərlik edir. O, 2013-2015-ci illər aralığında da Madrid təmsilçisinin baş məşqçisi olub. Təcrübəli mütəxəssis bu komandanı bütövlükdə 232 oyuna çıxarıb, 167 qələbə sevinci yaşayıb. 29 oyunda heç-heçə ilə barışan Ançelotti, 36 matçda da məğlubiyyətə üzülüb.
Ançelotti karyerası ərzində “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recciana” kimi klublarda da baş məşqçi olub. O, məşqçilik karyerasının ilk illərində İtaliya milli komandasında köməkçi kimi çalışıb.