Karlo Ançelotti David De Xeanın “Real”a keçidini əngəllədi

İspaniya nəhəngi “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti ispan qapıçı David de Xeanın Madrid klubuna keçidini əngəlləyib.

Arena.az bu barədə COPE portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ötən mövsüm ərzində De Xeanın sərgilədiyi oyun səviyyəsi Ançelottini qane etməyib. İtalyan mütəxəssisin məhz bu səbəbdən hazırda azad agent statusuna malik ispan qapıçının xidmətindən imtina etdiyi vurğulanır.
“Real”ın hazırda “Sevilya”nın mərakeşli qapıçısı Yassin Bono ilə maraqlandığı və qapıçını heyətinə qatmaq üçün əməli fəaliyyətə keçdiyi deyilir.

Xatırladaq ki, “Real” dünən mövsümöncəsi ilk itki ilə üzləşib. Komandanın əsas qapıçısı belçikalı Tibo Kurtua məşq zamanı zədələnib. Sol dizinin çarpaz bağlarının qopması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Kurtuanı yaxınlarda cərrahi əməliyyat gözləyir. Bu səbəbdən “kral klubu” qısa müddətdə əsas qapıçı tapmalıdır.

David de Xeaya gəlincə, qapıçı cari yay transfer pəncərəsində “Mançester Yunayted”i azad agent qismində tərk etməyə məcbur olub. “Qırmızı şeytanlar” da ispan qapıçının ötən mövsümdə qeyri-qənaətbəxş çıxışını əsas gətirərək, uzun illər komandanın əsas qapıçısı olmuş De Xea ilə yollarını ayırıblar.