“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçin bu mövsüm başa çatdıqdan sonra klubda qalıb-qalmayacağı haqda sualı cavablayıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bizdən başqa hamı növbəti mövsümü müzakirə edir. Uğurla başa vurmaq istədiyimiz və sona qədər mübarizə aparacağımız bu mövsümdə Luka oynayır. Modriçin gələcəyinə mövsümün sonunda qərar verəcəyik. İndi heç kəs onun gələcəyi haqqında danışmaqda maraqlı deyil”.
Karlo Ançelotti hazırda PSJ-də çıxış edən fransalı ulduz hücumçu Kilian Mbappenin mümkün transferi ilə bağlı “qaymaqlılar”ın azarkeşlərinin əzablı intizar içində olduqlarını başa düşüb-düşmədiyi haqda sualı da cavablayıb. İtalyan mütəxəssisin bu barədə cavabını təqdim edirik:
“Düşünürəm ki, azarkeşlər komandadakı oyunçulardan asılı olmayaraq “Real”dan məmnundurlar. Düşünürəm ki, azarkeşlər elə, “Real”ın bircə forması ilə də sevinirlər”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 33 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 521 oyun, 39 qol, 84 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 174 oyuna çıxıb, 24 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.