“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 24-cü turunda “Osasuna” ilə səfər oyunundan sonra hakimləri tənqid edib.
Arena.az məlumat verir ki, 1:1 hesabı ilə başa çatmış oyunda ispan baş hakim Xose Munuera Montero “qaymaqlılar”ın qapısına qolla nəticələnmiş penalti təyin edib.
O, madridlilərin ingilis yarımmüdafiəçisi Cud Bellingemi meydandan qovub, həmçinin Karlo Ançelottiyə sarı vərəqə göstərib. Həmçinin Monteronun fiti, “Real” oyunçularının rəqibin cəri meydançasında bir neçə dəfə kobudluqla üzləşməsi mənzərəsində susub. Bütün bu ziddiyyətlərin axınında Karlo Ançelotti ara-sıra hakimin ünvanına narazılıqlarını ifadə edib, əsəblərinə hakim olmağa çalışsa da, hiddətini boğa bilməyib. Ançelottinin bir neçə etirazından sonra baş hakim Montero italyan mütəxəssisə yaxınlaşıb və “Siz mənimlə hörmətlə danışmalısınız” deyərək, ardınca sarı vərəqəsini işə salıb.
Cavabında isə Ançelotti: “Bu, aydındır, amma o məqamda aşkar penalti vardı”, deyə qeyzlə dillənib. Sonra Ançelotti hakimdən üz çevirərək, ehtiyat oyunçular skamyasına oturub və ucadan səslənib: “Əşi, get …!” (anlamağı oxucuları ixtiyarına buraxırıq – redaktoun qeydi), deyərək, hakimi “uzaq ünvana” – “gedər-gəlməzə” göndərib.
Oyundan sonra Ançelotti şərhi ilə diqqət çəkib:
“Bu üç oyunda qəribəliklər baş verirdi, bunları hamı görüb. Mən daha, artıq heç nə əlavə etmək istəmirəm. Hamı gördü ki, VAR rəqibin cərimə meydançasındakı məqamları yoxlamadı, bizim cərimə meydançamızdakı məqamları isə incələdi. Bu, bir fitnə-fəsaddır. Baş verməsi yolverilməz olan baş verdi. Biz mübarizə aparmalı və yolumuza davam etməliyik”, – “Goal” dərgisi Ançelottidən sitat gətirir.
“Real” rəhbərliyi “qaymaqlılar”ın meydandan qovulmuş ingilis yarımmüdafiəçisi Cud Bellingemin qırmızı vərəqəsi və mümkün cəzalandırılması ilə bağlı müvafiq ünvanlara şikayət müraciəti ünvanlamaq niyyətindədir.
Xal itkisinə rəğmən, 24 oyunda 51 xal toplamış “Real” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini qoruyur. “Osasuna” isə 32 xalla 7-ci pillədədir.