Karlo Ançelotti rekordları sıraladı – “Real”ın ən zəngin məşqçisi

UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyun (2:0) “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Ançelotti komandasının bu qələbəsi sayəsində iki rekorda imza atıb.

İtalyan mütəxəssis kareyrası ərzində 5-ci dəfə UEFA Super Kubokunu qazanmaqla, yarışın tarixində mütləq rekord müyyənləşdirib. Ançelotti bu göstəricidə əvvəllər rekorduna şərik olduğu, yarışın dördqat qalibi Xosep Qvardiolanı geridə buraxıb.

Karlo Ançelotti məşqçilik karyerasında müxtəlif klublarla bir neçə dəfə UEFA Super Kubokunu qazanıb. 2003-cü ildə italyan mütəxəssisin “Milan”ı “Portu”ya (1:0), 2007-ci ildə isə “Sevilya”ya (3:1) qalib gəlib. “Real”a keçdikdən sonra Ançelotti UEFA Super Kubokundakı uğurlu çıxışını davam etdirib, 2014-cü ildə “Sevilya”nı (2:0), 2022-ci ildə Frankfurt “Ayntraxt”ını (2:0), məğlub etmiş Ançelotti sonuncu zəfərini artıq məlum olduğu kimi, “Atalanta” üzərində qazanıb.

Eyni zamanda Karlo Ançelotti “Real”a 14-cü qənimətini qazandırmaqla, “Kral klubu”nun tarixində ən zəngin məşqçi, ispan mütəxəssis Migel Munyosa çatıb.

Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.