“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının ümumi mərhələsinin “Ştutqart”la 1-ci tur ev oyununu (3:1) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Kimsə Çempionlar Liqasını qazanmağın asan olduğunu düşünürsə, dərindən yanılır. Mən bu yarışda 200-dən çox oyuna komanda çalışdırmışam, amma heç bir səy göstərmədən qalib gələ biləcəyim bir oyunu belə, xatırlamıram. Biz bilirik ki, Çempionlar Liqasını qazanmaq həmişə çətinliklərlə müşayiət edilir.
Biz münasib oyun tərzini axtarmağa davam edirik, bəzən isə buna müvəffəq oluruq. Çoxlu uzun ötürmələr buraxdığımız və rəqibin təkbətək mübarizələri ardıcıl surətdə qazandığı bir məqamda uğursuz başlanğıcımıza rəğmən, biz təşəbbüsü ələ keçirib vacib qol vura bildik. Gözlənilməz qol buraxdıqdan sonra isə özümüzü qurban vermək və qələbə qazanmaq üçün kifayət qədər gücümüz vardı.
Mənim seçimim var: mövqeli futbol qurmaq və ya daha sürətli oynamaq. Bütün bu yük məşqçinin üzərinə düşür. Oyunun quruluşu olmasaydı, ilk qolu vurmazdıq. Elə vaxtlar olur ki, topa nəzarət etmək gərəkdir, amma bəzən sürətli hücumlarda iştirak etmək üçün oyunçulardan istifadə etmək daha yaxşıdır, xüsusən də çox sürətli hücumçularımız var ikən”, deyə Karlo Ançelotti vurğulayıb.