Karlo Ançelotti yubiley oyununda yubiley qələbəsini qazandı

La Liqanın 29-cu turunda “Osasuna”ya qarşı səfər oyununda qələbə (4:2) “Real”ın baş məşqçsi Karlo Ançelotti üçün ikiqat əlamətdar olub.

Arena.az məlumat verir ki, italyan mütəxəssis Avropanın böyük futbol beşliyi ölkələrinin milli birincilikləri çərçivəsində məşqçilik karyerasında 900-cü oyununa çıxıb.

Ançelotti 541 qələbə qazanıb, 202 heçə-heçə və 156 məğlubiyyət yaşayıb.

Ançelotti məşqçilik karyerasına 1996-cı ildə “Parma” ilə başlayıb (68 oyun). Ardınca italyan mütəxəssis “Yuventus” (84 oyun), “Milan” (283 oyun), “Çelsi” (76 oyun), PSJ (57 oyun), “Bayen” (40 oyun), “Napoli” (53 oyun) və “Everton”u (58 oyun) çalışdırıb.

Üstəlik, “Osasuna” üzərində qələbə italyan mütəxəssisin “Real”ın sükanı arxasında 200-cü qələbəsi olub. Ançelotti “Real”a İspaniya La Liqasında 129 oyunda, Çempionlar Liqasında 43 oyunda, İspaniya Kubokunda 18 oyunda, İspaniya Super Kubokunda 4 oyunda, FIFA Klub Dünya Kubokunda 4 oyunda, UEFA Super Kubokunda 2 oyunda qələbə qazandırıb. “Real”ın sükanı arxasında qələbələrin sayına görə italyan mütəxəssis klub tarixində yalnız ispan mütəxəssis Migel Munyosdan geri qalır. Munyosun hesabında “qaymaqlılar”la 357 qələbə var.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis “Kral Klubu”na qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022, 2023/2024), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.