İtaliyanın “Yuventus” klubunun veteran qapıçısı Karlo Pinsolyo “Qoca Sinyora” ilə müqaviləsinin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu haqda Turin klubunun rəsmi saytı məlumat yayıb:
“Yuventus”la müqaviləsini yeniləmiş Karlo Pinsolyo daha iki il bizimlə qalacaq, yəni 2025-ci ilə qədər. Bizim qapıçımız gənclər sektorunda formamızı geyinəndən, həmişə ağ-qara rəngləri qoruyub.
Pinso “Yuventus”un ruhunu təcəssüm etdirir və həmişə təcəssüm etdirib. Anlamaq xoşdur ki, biz sonralar da onun enerjisinə, dəstəyinə, təbəssümünə güvənə bilərik. Onun məşqlərdə və oyunlarda verdiyi töhfələri unutmayaq.
Karlo “byankoneri”nin paltardəyişmə otağında vacib yer tutur və biz şadıq ki, o yaxın gələcəkdə də bizimlə qalacaq.
Beləliklə, indi ki biz hamımız birlikdəyik, ona şüarı səsləndirək: Dai un po’ eh, Pinso!” (Buyur, Pinso!).
Xatırladaq ki, Karlo Pinsolyo “Yuventus”un yetirməsi olmasına baxmayaraq, bu komandada heç vaxt əsas heyət üzvünə çevrilə bilməyib. Əvəzində o, “Viareccio”, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. 33 yaşlı qolkiper Turin təmsilçisinin əsas komandasında cəmi 5 oyuna çıxıb, 5 qol buraxıb, yalnız bir görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.
Pinsolyo hazırda da “Yuventus”da üçüncü qapıçı hesab olunur. Belə ki, əsas qapıçısı Voytsex Şensnı olan “Qoca Sinyora”da ehtiyat qolkiper də Mattia Perindir. Pinsolyo qarşıdakı iki ili də “Yuventus”da keçirəcəyi halda oynamadan karyerasını bitirə bilər.
Karlo vaxtilə İtaliyanın U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.