Karlos Keyroş rəsmən Qətər yığmasında!

Son olaraq İran milli komandasına rəhbərlik etmiş portuqaliyalı məşqçi Karlos Keyroş özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 69 yaşlı mütəxəssis bundan sonra Qətər milli komandasına rəhbərlik edəcək.

Bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Keyroş Qətər yığmasının baş məqşçi postunda 2022-ci ildə keçirilmiş dünya çempionatından sonra vəsifəsindən ayrılan Feliks Sançesi əvəzləyib. Elə portuqaliyalı məşqçi də Qətərdə keçirilmiş mundialdan sonra İran millisindən ayrılmışdı.

Xatırladaq ki, Karlos Keyroş 2022-ci ilin əvvəlindən İran millisinə rəhbərlik edirdi. O, daha əvvəl 2011-2019-cu illər aralığında da bu komandaya rəhbərlik etmişdi. Portuqaliyalı məşqçi İran yığmasını bütövlükdə 105 oyuna çıxarıb. Qonşu ölkə yığması bu matçlarda 64 qələbə qazanıb, 25 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.

Keyroş daha öncə Misir, Kolumbiya, Portuqaliya və CAR yığmalarına da rəhbərlik edib. O, “Sportinq” və “Real” klublarının da baş məşqçisi kimi çalışıb.