Karlos Soler PSJ-ni “Atletiko”ya dəyişə bilər

Madrid “Atletiko”su Fransa çempionu PSJ-nin İspaniyadan olan yarımmüdafiəçisi Karlos Soler ilə güclənmək niyyətindədir.

Arena.az AS dərgisinə istinadən xəbər verir ki, tezliklə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və klubun prezidenti Enrike Serezo qarşıdakı transfer pəncərəsinə nəzərdə tutulmuş planların müzakirəsinə başlayacaqlar. Madrid komandası bir neçə mövqeyini gücləndirmək fikrindədir.

Bildirilir ki, “Atletiko” PSJ-nin ispan yarımmüdafiəçisi Karlos Soleri hədəfində saxlayıb. “Döşəkçilər” Solerlə, yarımmüdafiəçi hələ PSJ-yə keçməmişdən öncə də maraqlanırdılar. Madrid klubunun rəhbərlərinin PSJ-li həmkarlarını yay transferi pəncərəsi zamanı Soleri icarəyə verməyə razı salacaqları deyilir. İcarə şərti gələn mövsümün sonunda yarımmüdafiəçinin transfer hüquqlarına sahib olmağı da nəzərdə tutur.

Cari mövsümdə Karlos Soler PSJ-nin heyətində 37 oyunda meydana çıxıb, 7 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Solerin PSJ ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Futbolçunun “Transfermarkt” internet-portalında təxmini qiyməti 30 milyon avro məbləğindədir. PSJ isə onu ötən yay “Valensiya”dan 18 milyon avroya transfer etmişdi.

Bir müddət əvvəl Solerin PSJ-də qalacağı və heyətdə daimi yer uğrunda mübarizə aparmağa hazır olduğu haqda məlumat yayılmışdı.