Karlos Strandberq və Armin Hodziç “Hatayspor”da

Yeni mövsümdən Super Liqada iştirakını davam etdirəcək “Hatayspor” iki futbolçu – Karlos Strandberq və Armin Hodziçlə güclənib.

Arena.az xəbər verir ki, isveçli hücumçu Strandberq Qətərin “Əl-Sailiya” klubundan azad agent kimi Hatay təmsilçisinə keçib.

Hodziç isə Bosniya və Herseqovinanın “Jelezniçar” klubundan azad agent kimi transfer olunub.

Karlos Strandberq karyerası ərzində “Abha”, “Əl-Hazem”, “Örebro”, “Malmö”, “Vesterlo”, “Brügge”, AİK, “Ural”, ÇSKA (Moskva), “Hakken”, “Hisingsbaçka” kimi klubların da formasını geyinib. 27 yaşlı futbolçu İsveçin U-17, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Armin Hodziç “Sloboda”nın yetirməsidir. O, 2020-ci ilin iyul ayında bu klubdan İspaniya təmsilçisi “Alkorkon”a keçsə də, oktyabrda Portuqaliya “Eştoril”inə icarəyə verilib. Ötən ilin fevralında “Alkorkon”dan ayrılan 23 yaşlı yarımmüdafiəçi “Jelezniçar”a üz tutmuşdu. O, geridə qalan mövsümdə bu komandada meydana çıxdığı 46 oyunda 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Bosniya və Herseqovinanın U-18 və U-21 yığmalarında da oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, bu yay əksər futbolçuları ilə vidalaşmış “Hatayspor” daha iki oyunçu ilə yollarını ayırdığını açıqlayıb. Sözügedən klub müdafiəçi Simon Falet və hücumçu Ze Luislə də əməkdaşlığı dayandırıb. Super Liqa təmsilçisi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qvineyadan olan Simon Faletin klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında bitməli idi. Amma tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər. 31 yaşlı mərkəz müdafiəçisi 2021-ci ildən formasını geyindiyi Hatay klubunun heyətində bütövlükdə 23 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Türkiyədə daha öncə “Fənərbaxça”nın da formasını geyinmiş Falet, “Brest”, “Ayntraxt”, “Mets”, “Laval”, “Hannover” və “Loryan”da da oynayıb. O, Qvineya yığmasında 17 oyun keçirib.

Ze Luis isə “Hatayspor”a 2022-ci ilin sentyabrında gəlmişdi. 32 yaşlı forvard bu komandada 15 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. Kabo Verde yığmasında 19 oyuna 4 qol vurmuş hücumçu karyerası ərzində “Spartak” (Moskva), “Jil Visente”, “Braqa”, “Portu”, “Fehervar”, “Lokomotiv” (Moskva) və “Əl-Tavun”da da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: