Karlos Vinisius və Serj Orye “Qalatasaray”da

Türkiyə çempionu “Qalatasaray” heyətini iki yeni futbolçu – hücumçu Karlos Vinisius və sağ cinah müdafiəçisi Serj Orye ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Serj Orye İngiltərənin “Nottingem Forest” klubundan 100 min avroya transfer edilib. Kot-d’İvuardan olan 31 yaşlı futbolçu ilə müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Oryenin yeni klubunda yarım mövsüm üçün 600 min avro, həmçinin 150 min avro imza pulu alacağı açıqlanıb.

Orye Fransanın “Lans” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, PSJ, “Tottenhem” və “Vilyarreal” kimi klubların da formasını geyinib. 2022-ci ilin sentyabrından “Nottingem Forest”də çıxış edən Serj, bu komandada 41 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, 2013-cü ilin iyun ayında debüt etdiyi və kapitanı olduğu Kot-d’İvuar yığmasında 85 oyun keçirib, 4 qol vurub.

Karlos Vinisius isə İngiltərənin digər klubu “Fulhem”dən icarəyə götürülüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. “Qalatasaray” yarım mövsümlük icarə üçün həm “Fulhem”ə, həm də futbolçunun özünə 600 min avro ödəyəcək.

Karlos peşəkar karyerasına “Kaldense”, “Qremio” (Anapolis), “Real SC”, “Napoli”, “Rio Ave”, “Monako”, “Benfika”, “Tottenhem”, PSV kimi klublarda da oynayıb. Braziliyadan olan 28 yaşlı hücumçu 2022-ci ilin sentyabr ayından “Fulhem”də çıxış edir. O, bu komandada 48 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Qalatasaray” gənc futbolçusu Ali Turab Bülbüllə də peşəkar müqavilə imzalayıb. 19 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna kimidir.

Bülbül bu mövsüm İstanbul təmsilçisinin forması ilə 3 oyuna çıxıb. O, klubun akademiyasının yetirməsidir.