Karrager: “Konate gedərsə, “Liverpul” dağılmayacaq”

“Liverpul”un sabiq üzvü, hazırda futbol təhlilçisi olan Ceymi Karrager “qırmızılar”ın müdafiəçisi İbrahima Konatenin komanda üçün əhəmiyyətindən danışıb.

Arena.az ingilis təhlilçinin müvafiq fikrini təqdim edir:

“Konate yaxşı müdafiəçidir. İstərdim ki, o, qalsın, amma əgər qalmasa, “Liverpul” başqa birisini transfer etməlidir. Konate gedrəsə, “Liverpul” uçub-dağılmayacaq”, deyə Ceymi Karrager vurğulayıb.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçib.

Fransalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 16 oyuna çıxıb, 1 qola imza atıb. Konatenin İngiltərə klubunun heyətindəki ümumi göstəriciləri belədir: 148 oyun, 6 qol və 4 məhsuldar ötürmə.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 25 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.