Karrager Tuxelin İngiltərə yığmasına təyinatından narazı qalıb

“Liverpul”un ingilis keçmiş futbolçusu Ceymi Karrager alman mütəxəssis Tomas Tuxelin “üç şir”in baş məşqçisi təyin edilməsindən narazıdır.

Arena.az “Goal” dərgisinə istinadən, Karragerin bu barədə fikrini təqdim edir:

“Doğrusu, mən ən vətənpərvər insan simasından uzağam. Amma mən hesab edirəm ki, bu milli komandaya bir ingilis rəhbərlik etməlidir. Bu, təkcə İngiltərə yığmasına aid deyil. Düşünmürəm ki, İtaliya və ya Almaniya yığmaları da əcnəbi məşqçilərlə işləməlidirlər. Eynilə Fransa yığması kimi. Əlbəttə, mən bununla (Tuxelin təyinatı – redaktorun qeydi) yuxusuzluğa düçar olub yatmaqdan əl çəkməyəcəyəm, amma düşünürəm ki, İngiltərə komandasında ingilis məşqçi olmalıdır”, deyə Karrager vurğulayıb.

Karrager həmçinin öz mövqeyini əsaslandırıb:

“Bütün məsələ ondadır ki, bu, beynəlxalq futboldur. Burada “bizim ən yaxşılarımız sizin ən yaxşılarınızla oynayırlar”. Klub futbolu bu mənada bir qədər fərqlidir. Fərqli millətlərin nümayəndələri, Premyer Liqa və ya Çempionlar Liqasında fərqli məşqçilər, əsl müxtəliflik. Amma beynəlxalq futbolu klub oyunlarından fərqləndirən cəhət odur ki, bura öz ölkənizdən olan insanlar cəlb edilirlər”, deyə ingilis mütəxəssis açıqlayıb.

Əlavə edək ki, Karragerin müvafiq yanaşması ilə İngiltərə futbol ictimaiyyətinin bir çox mövqe sahibləri də həmrəydirlər.

Xatırladaq ki, İngiltərə yığmasına 2001-ci ilə qədər ancaq ingilis mütəxəssislər rəhbərlik ediblər. 2001-2006-cı illərdə “üç şir”in sükanı isveçli məşhur mütəxəssis Sven-Yoran Erikssonun əlində olub. 2008-2012-ci illərdə isə İngiltərə yığmasını italyan mütəxəssis Fabio Kapello çalışdırıb. Hər iki halda İngiltərə futbol ictimaiyyətinin bir çox nümayəndələri mühafizəkar mövqedən çıxış edərək, əcnəbi mütəxəssislərin təyinatına qarşı olublar.

Hazırda “üç şir” ingilisəsilli irland mütəxəssis Li Karslinin rəhbərliyi altındadır. Karsli baş məşqçi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edərək, “üç şir”ə “baxıcılıq” edir. İlin sonunda Karsli vəzifəsini təhvil verəcək və alman mütəxəssis Tomas Tuxel yeni ildən İngiltərə yığmasını çalışdıracaq. Tomas Tuxellə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.