Rusiyalı qrosmeyster Sergey Karyakin 14-cü dünya çempionu Vladimir Kramnikin “Chess.com” portalını tərk etməsinə münasibət bildirib.
Arena.az bu barədə “RBK Sport” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, Kramnik müvafiq addımnı “Chess.com” portalında “açıq-aşkar fırıldaqçıların” çoxluğu ilə əsaslandırıb və bir daha burada oynamamaqda israrlıdır.
Əvvəllər “Chess.com” saytında qrosmeyster Hans Nimana qarşı oyunda amerikan şahmatçının bəzi gedişləri rusiyalı qrosmeysterdə şübhələr oyatmış və Karyakin bunu açıq şəkildə dilə gətirmişdi.
“Yaxşı bilməyənlər üçün, fırıldaqçılıq (cheating – fırıldaqçılıq, kələkbazlıq) onlayn oyunlar zamanı kompüterin göstərişləridir. Bununla mübarizə aparmaq o qədər də asan deyil. Bütövlükdə mən Kramnikin tərəfindəyəm, çünki mən onu yaxşı tanıyıram və o, çətin ki, səhv etsin. Ancaq digər tərəfdən, fırıldaqçılıqla bağlı bütün bu problemlər, onları sübut etmək yüz faiz qeyri-mümkündür. Kimsə kompüter göstərişlərindən istifadə edib, ya yox, heç vaxt bunu dəqiq bilmirsən. Təəssüf ki, bu onlayn şahmatın mənfi tərəfidir.
Məsələ burasındadır ki, hər hansı pul mükafatı üçün turnirlərdə oynayanda, mükafatlar uğrunda mübarizə aparmaq imkanı olanda insanlar kompüter məsləhətlərinə qoşulmaqdan abır etmirlər. Mən bununla çox tez-tez rastlaşıram. Bir insanın kompüter göstərişlərindən istifadə edib-etmədiyini heç vaxt dəqiq bilmirsən”, deyə Karyakin vurğulayıb.
Öz növbəmizdə vurğulayaq ki, şahmat aləmində müasir internet resursların çoxluğu və texnoloji həllərin keyfiyyəti mənzərəsində müvafiq kələkbazlıq geniş yayılıb və buna qarşı mübarizə tədbirləri hələ də zəifdir.


