“Kasımpaşa” “Qaziantep”in 2 futbolçusunu heyətinə qatdı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” klubu heyətini yeni oyunçularla gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub elitanın təmsilçisi, dəhşətli zəlzələdən sonra mövsümün qalan hissəsində meydana çıxmaqdan imtina edən “Qaziantep”dən Günay Güvenç ilə Mustafa Eskihellaçı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Günay Güvenç 2018-ci ildən “Qaziantep”də forma geyinirdi. 31 yaşlı qapıçı bu komandada 163 oyun keçirib. Almaniyada dünyaya göz açan, peşəkar karyerasına “Ştutqarter Kikkers”də başlayan futbolçu, 2013-cü ildə “Beşiktaş” tərəfindən Türkiyəyə gətirilib. O, burada “Adanaspor”, “Mersin İdman Yurdu” və “Göztəpə” klublarının da formasını geyinib.

Mustafa Eskihellaç isə “Qaziantep”ə 2022-ci ilin iyul ayında “Yeni Malatyaspor” klubundan 778 min avro qarşılığında transfer olunmuşdu. Yarımmüdafiəçi bu komandada 17 oyuna çıxıb, 2 qol vurub. 25 yaşlı vinger daha öncə “Yeni Malatyaspor”dan başqa “1461 Trabzon”, “Boluspor” və “Elazığspor”un da uğurları üçün çalışıb.

“Kasımpaşa” “Gənclərbirliyi”nin dayaq yarımmüdafiəçisi Gökhan Gülü də heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Almaniyada dünyaya göz açan, karyerasına “Bohum”da başlamış Gökhan Gül, bu ölkədə “Fortuna” (Düsseldorf) və “Vehen” klublarının da formasını geyinib. 2021-ci ildən “Gənclərbirliyi”ndə çıxış edən yarımmüdafiəçi, bu komandada 53 oyuna 9 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. O, Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.