Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Kemal Özdeş çalıdşıracaq.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Təcrübəli baş məşqçi bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Selçuk İnanı əvəzləyib. Hansı ki, onun istefasına komandanın uğursuz çıxışı səbəb olub.
Xatırladaq ki, Kemal Özdeş karyerası ərzində üçüncü dəfə bu komandanın sükanı arxasına keçib. O, daha əvvəl 2016-2018-ci illər aralığında İstanbul təmsilçisinə rəhbərlik edib və bu komandanı 86 oyuna çıxarıb (38 qələbə, 14 heç-heçə və 34 məğlubiyyət). O, daha sonra 2019-cu ilin iyun-dekabr ayları aralığında çalışdırdığı bu komanda ilə 15 oyuna çıxıb. Bu görüşlərdə də 5 qələbə, 3 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb.
K.Özdeş “Yeni Malatyaspor”, “Göztəpə”, “Manisaspor”, “Gənclərbirliyi”, “Balıkəsirspor”, “Karşıyaka” və “Elazığspor”da da baş məşqçi kimi çalışıb.
Selçuk İnan ötən ilin noyabr ayında İstanbul təmsilçisinin baş məşqçisi təyin edilmişdi. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu. Gənc mütəxəssis bu komandanı cəmi 13 matça çıxarıb. “Kasımpaşa” bu görüşlərdə 3 qələbə qazanıb, 2 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
İstanbul klubu bu mövsümün gedişində Sami Uğurlu və Şenol Canı da istefaya göndərmişdi. Komanda hazırda Super Liqada 26 oyuna topladığı 29 xalla 11-ci pillədə qərarlaşıb. 8 qələbəsi olan kollektiv 5 oyunda da heç-heçə edib və 13 məğlubiyyətə üzülüb.


