Türkiyənin “Qaziantep” klubu heyətini 4 yeni futbolçu – Sokratis Diudis, Kventin Dobin, Siril Manduki və Kasper Kozlovski ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bu oyunçuların hər biri azad agent kimi Qaziantepin eyniadlı təmsilçisi ilə rəsmi müqavilə bağlayıb. Manduki ilə 1, Diudis və Dobinlə 2, Kozlovski ilə 3 illik müqavilə imzalanıb.
Sokratis Diudis “Aris” (Saloniki) klubunun yetirməsidir. “Brügge”, “Panionios” və “Panatinaikos”da da forma geyinmiş 31 yaşlı yunan qolkiper son olaraq Polşada “Zaqlembe”nin uğurları üçün çalışıb. Təcrübəli qolkiper Yunanıstan millisində də 2 oyun keçirib.

Kventin Dobin Fransanın “Nyor” klubunun yetirməsidir. “Po” klubunda da forma geyinmiş 29 yaşlı mərkəz yarımmüdafiəçisinin sonuncu iş yeri “Kan” komandası olub.

Siril Manduki “Sent-Jenevyev”, “Dyunkerk”, “Kretey” kimi klublarda da oynayıb. Martinika yığmasının da üzvü olan 32 yaşlı dayaq yarımmüdafiəçisi 2017-ci ildən “Paris”in uğurları üçün çalışırdı. Təcrübəli futbolçu Martinika millisinin heyətində 12 oyuna çıxıb, 1 qol vurub.

Kasper Kozlovski isə İngiltərənin “Brayton” klubundan “Qaziantep”ə keçib. Polşalı futbolçu “Poqon”un yetirməsidir. 20 yaşlı mərkəz yarımmüdafiəçisi “Brayton”a 2022-ci ilin yanvarında məhz “Poqon”dan 11 milyon avro qarşılığında keçmişdi. Amma ona İngiltərə klubunun əsas komandasında debüt etmək qismət olmayıb. Belə ki, gənc futbolçu Belçikanın “Yunion” və Niderlandın “Vitess” klublarına icarəyə verilib.
Polşanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Kozlovski əsas millidə 6 oyun keçirib.

“Qaziantep” sol vingeri Maks Qradellə də yollarını ayırıb. 36 yaşlı futbolçu azad agent kimi “Sakaryaspor”a keçib və yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qradel ötən ilin yayından formasını geyindiyi “Qaziantep”də 30 oyuna çıxıb, 1 qol və 4 assistlə yadda qalıb. Maks daha öncə “Sivasspor”, “Sent Etyen”, “Tuluza”, “Lids”, “Bornmut”, “Lester Siti” kimi klubların da şərəfini qoruyub. O, 2011-ci ildən formasını geyindiyi Kot d’Ivuar yığmasında 113 oyuna 18 qol vurub, 12 assist edib.
